Azərbaycan Bayrağı
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək.
Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız sentyabrın 15-də - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi.
Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyə-nin dövlət bayrağı formasında olub.
Azərbaycan Xalq Cumhuriyyəti-nin Bakı-da fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi.
"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:
- Eşidildi - Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi.
- Qərara alındı - Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin".
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Bayraqdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
Bayraqdakı yaşıl rəng islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib.
Bayraqdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə. Hüseynzadə yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!"
Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. (Bax: M. Əliyev. "Qobustan" jurnalı, 1989, N3).
Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır.
Böyük yazıçı C. Cabbarlı şerlərinin birində yazırdı:
- Bu ay, yıldız boyaların qurultayı nə demək,
- Bizcə belə söyləmək.
- Bu göy boya, göy moğoldan qalma Bir türk nişanı
- Bir türk oğlu olmalı.
- Yaşıl boya islamlığın sarsılmayan İnamını ürəklərə dolmalı
- Şu al boya azadlığın təcəddü, fərmanı,
- Mədəniyyət bulmalı.
Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: "bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".