Azərbaycan Gerbi
Vikipediya, açıq ensiklopediya - ویکیپدیا ، آچیق انسایکلوپدیا
1919-cu ilin noyabrında Azərbaycan Xalq Cumhuriyyəti-nin gerbinin təsviri üçün müsabiqə təyin edildi. Müsabiqəyə 1920-ci il mayın 30-da yekun vurulmalı idi, lakin həmin ilin 27 Aprelində Azərbaycan işğal edildi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir.
Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
[redaktə / تحریر] Dövlət gerbinin qabarıq təsviri
- Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
- Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
- Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
- Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
- Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.
Səkkiz guşəli ulduz haqqında müxtəlif izahlar verilir. Bəzi tədqiqatçıların fikirlərində məsələyə dini akpektdən yanaçılır: səkkiz guşə cənnət sferasının rəmzidir, çünki cənnətin səkkizinci pilləsi cənnət ul-Alədir. Təsadüfi deyil ki, riyaziyyatda da 8 sonsuzluq, yəni əbədi inkişafın göstəricisidir. Şumer əsatirində Tufan 7 gün 7 gecə davam edib və 8-ci gün Günəş Allahı Utu Torpağa istilik göndərib.
Gerbdəki səkkiz guşə ilə bağlı başqa bir izahda isə bildirilir: Ay (qəməri) təqvim islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə "Türk dövrü" kimi qalmış bir təqvim yaradılıb. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zülhəccəsinə 30-cu gün əlavə edilirdi.
Beləliklə, "Türk dövrü" kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar "Türk dövrü" təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizillik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zülhəccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-cı ildə bir sutkaya qaldırıb və bu təqvimdən XVI əsrdən Türkiyədə istifadə edilib.
Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş türk imperatorluğunun bayrağındakı Ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir (Bax: Ə. Ətayi. "Təqvimlər keçmişdə və bu gün". "Elm", 1998, N1).
Bəzi izahlarda isə səkkiz guşəli ulduz "Odlar Yurdu"-nun səkkiz hərflə yazılışına işarədir. C. Cabbarlı yazırdı: "Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu".
Bir çox mənbələrdə isə belə məlumat verilir: Səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir.